İQTİSADİYYAT
® “Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
![® “Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb](/files/2023/1/1200x630/16769656525231323672_1200x630.jpg)
Məlum olduğu kimi, fevralın 6-da Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan itkisi ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə “Kapital Bank” tərəfindən yaradılan “Qırmızı Ürəklər” Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı ianə toplanılması aksiyasına start verib.
Bu aksiyanın davamı olaraq “Qırmızı Ürəklər” Fondu ilə “Ahbap Derneği” arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində “Qırmızı Ürəklər” Fondunun idarə heyətinin üzvləri Sevda Haqverdiyeva və Yusif Poladov, həmçinin “Ahbap Derneği” idarə heyətinin üzvləri Haluk Levent və Hüseyin Küçük iştirak edib.
Əməkdaşlıq memorandumunun imzalanmasından əvvəl çıxış edən fondun prezidenti Sevda Haqverdiyeva Türkiyədə baş verən zəlzələ nəticəsində zərər çəkən şəxslərə dəstək göstərmək məqsədilə “Türkiyə üçün bir ürək olaq” aksiyasından danışıb. On gün ərzində 26 min nəfərdən artıq ianəçi tərəfindən toplanan 600 min manatdan artıq vəsait “Ahbap Derneği”nə ianə ediləcək.
Sonra çıxış edən Haluk Levent Türkiyə-Azərbaycan qardaşlığından söz açıb. Bu müddət ərzində göstərilən dəstəyə, humanitar yardımlara görə Azərbaycana, belə bir aksiyanı başlatdığı üçün Fonda və bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildirib.
Qeyd edək ki, memorandum çərçivəsində ictimai və sosial əhəmiyyətli birgə layihələrin həyata keçirilməsi, zəlzələ və ya digər təbii fəlakət zamanı əziyyət çəkən əhaliyə qayğı göstərilməsi istiqamətində tədbirlərin görülməsi, birgə xeyriyyə layihələrinin təşkil edilməsi nəzərdə tutulub.
“Qırmızı Ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları barədə və digər maraqlı məlumatları əldə etmək olar.