® AQTA və VEYSƏLOĞLU rəhbərliyi istehlakçıların qida təhlükəsizliyini müzakirə edib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Veysəloğlu Şirkətlər Qrupu rəhbərliyi arasında istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin qorunması istiqamətində tədbirlərin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Aprelin 8-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun görüşü keçirilib.
Görüşdə ölkəmizdə istehlakçıların sağlam, keyfiyyətli, həmçinin təhlükəsiz qida məhsulları ilə təmin olunması, habelə, bu sahədə istehlakçı hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.
Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin fəaliyyətində müştəri məmnuniyyətinin və əhalinin sağlamlığının qorunmasının prioritet olduğunu, müvafiq sanitariya-gigiyena norma və qaydalarına ciddi əməl olunduğunu bildirib. O, bu istiqamətdə görülən işlərin ictimailəşdirilməsi istiqamətində yeni addımlar atılacağını vurğulayıb.
Şirkətlər Qrupunun rəhbəri qurum nümayəndələrinə istehlakçıların qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin ölkəyə idxal edilən bütün növ qida məhsullarının AQTA tərəfindən daim nəzarətdə saxlanılması, satışa uyğunluğunun rəsmi sənədlərlə təsdiqi prosesində birlikdə fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.
Sonda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
26 ilə yaxındır topdan və pərakəndə, həmçinin yerli istehsal sahəsində ölkə iqtisadiyyatına qatqı verən Veysəloğlu Şirkətlər Qrupu əmək bazarında mühüm işəgötürən müəssisələrdən biridir. Hazırda Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş fəaliyyət göstərir.