"20 Yanvar - Qəhrəmanlıq və qürur günümüzdür" adlı tədbir təşkil olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları ilə birlikdə "20 Yanvar -Qəhrəmanlıq və qürur günümüzdür" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 186 və 231 nömrəli tam orta məktəblərin şagirdləri və müəllimləri, Pirallahı Rayon İcra hakimiyyətinin nümayəndəsi iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Əksinə xalq daha da mətinləşib və düşmənin gözünə dik baxıb.
Kitabxana müdiri Zülfiyyə Əliyeva tədbirdə çıxış edərək həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızlarının Azərbaycanın tarixinə parlaq səhifə yazdığını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd edib.
V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Ramin Məmmədov Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd edib.