İQTİSADİYYAT
"Azərpoçt" Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib
Bakı, 6 mart, AZƏRTAC
Fikri məktubla ifadə etmək ənənəsinin tarixi minilliklərə əsaslanır. Müasir texnologiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə məktub yazmaq ənənəsi demək olar ki, unudulub. Bu isə getdikcə yazı vərdişindən uzaqlaşmağımıza səbəb olur.
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC“ “Park Bulvar” ticarət mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!” şüarı ilə keçirilən aksiyanın məqsədi insanlarda məktub yazmaq vərdişini təşviq etmək olub.
“Şəbəkə” xidmət mərkəzinin həmin ticarət mərkəzində quraşdırılmış mini ofisinə yaxınlaşanlar həyatındakı əziz qadınlara məktub yazmaq imkanı əldə ediblər.
Aksiya çərçivəsində yazılan bütün məktublar "Azərpoçt" MMC-nin poçtalyonları tərəfindən müvafiq ünvanlara çatdırılacaq.
Qeyd edək ki, eyni məkanda “Azərmarka” MMC-yə məxsus stenddə 8 Mart - Beynəlxalq Qadınlar Günü üçün nəzərdə tutulan açıqca və hədiyyələr də satışa çıxarılıb.