"Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca dördüncü həyət abadlaşdırılıb
Şirvan, 2 fevral, Aydın Yavərzadə, AZƏRTAC
"Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca dördüncü həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenilənmiş həyət Heydər Əliyev prospektində 810 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir. Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, idman qurğuları quraşdırılıb, uşaqlar üçün oyun meydançaları salınıb. Sahəsi 1,1 hektar olan həyətin ərazisində 4 söhbətgah inşa edilib, oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə işıqlandırma sistemi yenilənib, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 153 ədəd şam ağacı, 60 ədəd gül kolu əkilib, yaşıllıq zolağı salınıb.
“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.