"İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda konfrans keçiriləcək
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə hər il martın 27-si “Elm günü” kimi qeyd olunacaq. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Sərəncamdan irəli gələn müddəaları əsas götürərək, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə aprelin 3-də “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirəcək.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi elmi tədqiqatların təqdimatı, müzakirəsi və məlumat mübadiləsidir. Tədbir “Müsəlman Şərqində elm və fəlsəfənin inkişafında azərbaycanlı alim və mütəfəkkirlərin rolu”, “Müasir elmi çağırışlar və İslam dünyası”, “İslam dünyasında elm və fəlsəfə məktəbləri”, “İslam incəsənətinin spesifik xüsusiyyətləri”, “Orta əsrlərdən müasir dövrə qədər İslam dünyasında elm-din münasibətləri” istiqamətlərində təşkil olunacaq.
Konfransda məruzə ilə çıxış etmək istəyənlər məqalələri martın 20-dək Təşkilat Komitəsinə yollaya bilərlər. Məqalələrin həcmi 5-10 səhifədən artıq olmamalı və elektron variantı [email protected] e-mail ünvanına göndərilməlidir.
Məqalə qəbulu ilə bağlı ətraflı məlumatı institutun magistratura və doktorantura şöbəsindən, yaxud rəsmi “facebook” səhifəsindən öyrənmək mümkündür.
Qeyd edək ki, ali təhsil müəssisəsində “Elm günü” çərçivəsində “İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Dəyirmi masada ilahiyyat elmi sahəsində tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanılması, ötürülməsi ilə bağlı məsələlər müzakirə ediləcək.