İQTİSADİYYAT
AAYDA: Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində təmir işləri yekunlaşmaq üzrədir
![](/files/galleryphoto/2023/3/1200x630/1701421323824450943_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014213236445529191_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170142132366745341_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014213236391015963_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17014213231586811171_1200x630.jpg)
Bakı, 1 dekabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2023-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində uzunluğu 2026 metr, eni 8.40 metr olan Mikayıl Müşfiq küçəsinin təmiri artıq yekunlaşmaq üzrədir.
Uzun müddət əsaslı təmir işləri aparılmadan istismar olunan küçədə yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə deformasiyaya uğramış hissələrin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.
Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq layihə çərçivəsində küçənin 1 kilometrlik hissəsində asfalt-beton örtüyünün döşənməsi yekunlaşdırılıb.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.