SİYASƏT
Abdal-Gülablının Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 22 il ötür
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Abdal-Gülablının həmin dövrdəki gərgin durumu, kəndin yerli özünümüdafiə dəstələrinin ümidinə buraxılması, nəticədə böyük qüvvə və texnika ilə hücuma keçən düşmənlə qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qalan Vətən oğullarının şücaəti, 1992-ci il sentyabrın 3-dən 4-nə keçən gecə Abdal-Gülablının işğal edilməsi barədə ətraflı söhbət açılıb.
“SƏS TV”nin istehsalı olan “Abdal-Gülablısız 22 il” filmi nümayiş etdirilib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə çap olunan “Yurd yeri: Abdal-Gülablı” kitabı təqdim edilib.
Kitabda Abdal-Gülablının tarixi, tanınmış insanları, ziyalıları, repressiya qurbanları və s. haqqında məlumatlar yer alıb.
Mərasimdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev və digər çıxış edənlər təqdim edilən kitab və nümayiş olunan filmlə bağlı fikirlərini bildiriblər. Onlar belə layihələr vasitəsilə xalqımızın, xüsusilə də gənclərin bu hadisələr haqqında maarifləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Həmçinin Azərbaycanla bağlı həqiqətlərin dünyada yayılmasında belə əsərlərin rolunu vurğulayıblar.
Çıxış edənlər, eyni zamanda, Azərbaycanın dilbər guşələrindən olan Abdal-Gülablı ilə bağlı xatirələrini bölüşüblər.