DÜNYA
ABŞ alimləri qan analizi vasitəsilə yeniyetmələrdə depressiyanı üzə çıxarmağı öyrənmişlər
Bakı, 21 aprel (AZƏRTAC). ABŞ alimləri yeniyetmələrdə depressiya vəziyyətini üzə çıxarmağa imkan verən testlər üzərində çalışırlar.
Erkən depressiya 25 yaşınadək gənclərin məruz qaldığı ciddi psixi xəstəlikdir. Bu yaşlarda depressiyanın inkişaf etməsi onun irsən keçməsinə, genetik mənşəyinə dəlalət edir. Dünya əhalisinin 12 yaşınadək olan hissəsinin təxminən bir faizi depressiyadan əziyyət çəkir. Lakin yeniyetməlik və yetkinlik dövründə bu göstərici 17-25 faizədək artır.
Gənc yaşında depressiya ilə üzləşən xəstə üçün proqnoz yaşlılarla müqayisədə mənfidir, çünki müalicəsiz onun cəmiyyətə zidd davranışı, alkoqollu içkilərdən və narkotik vasitələrdən asılılığı, fiziki xəstəlikləri, intihar cəhdi riski artır. Belə hallar onu ömrü boyu təqib edə bilər.
Alimlər bildirirlər ki, hazırda depressiya hallarının müalicəsi xəstənin özü haqqında məlumata və həkimlərin müşahidələrinə söykənir ki, bu da dəqiq diaqnoz deyildir.
Tədqiqat qrupunun məlumatında deyilir: “Qanın bioloji markerləri sözlə deyilən informasiyanı təsdiq edib diaqnozun dəqiqliyini tamamlamaq üçün obyektiv məlumatdır. Depressiya vəziyyətinin erkən diaqnozu və təsnifatı geniş çeşiddə müalicə vasitələrindən optimal fərdi müalicə üsulu seçməyə kömək edərdi”.
Test yaratmaq üçün əvvəlcə siçanlar üzərində kliniki sınaqlar aparan tədqiqatçılar qanda 26 potensial bioloji markeri eyniləşdirmişlər. Araşdırmada 15-19 yaşlı 28 avropalı və afro-amerikalı iştirak etmişdir. Onların 14-ə depressiya diaqnozu qoyulmuşdur. Tədqiqatçılar təcrübədə iştirak edənlərin qan nümunələrində 26 biomarkeri tutuşduraraq aşkar etmişlər ki, onların 11-nə az və ya çox dərəcədə depressiyalı gənclərdə təsadüf edilmişdir. 26 biomarkerdən 18-i yeniyetmələrdə depressiya ilə yanaşı yüksək narahatlıq vəziyyətinin olub-olmadığını göstərmişdir.
Hazırda alimlər daha geniş araşdırma aparmaq üçün ABŞ-ın ayrı-ayrı ştatlarından və şəhərlərindən gənc könüllülər cəlb edirlər.