ABŞ-da aparıcı yəhudi təşkilatının illik qlobal forumunda Azərbaycandakı tolerantlıqdan danışılıb
Vaşinqton, 4 iyun, AZƏRTAC
İyunun 2-4-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin illik qlobal forumu keçirilib. ABŞ və İsrailin aparıcı dövlət xadimlərinin, dövlət və qeyri-hökumət təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdikləri forumda 2 mindən çox qonaq iştirak edib. Tədbirə audio müraciət ünvanlamış İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Azərbaycanla münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Forum çərçivəsində Amerika Yəhudi Komitəsinin sabiq prezidenti Con Şapironun şərəfinə qəbul keçirilib. Qəbulda komitənin Baş icraçı direktoru Deyvid Herris, hazırkı prezidenti Herriet Şlayfer, ravvin Ancela Buxdal, senator Maykl Bennet ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edib. Əsrlərboyu yəhudilərə gözəl münasibət göstərilən Azərbaycanda heç zaman antisemitizmə rast gəlinmədiyi qeyd edilib. Səfir Azərbaycana xüsusi rəğbəti ilə seçilən və bir neçə dəfə ölkəmizdə səfərdə olan C.Şapiroya ABŞ-Azərbaycan və Azərbaycan-İsrail münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü ifadə edib. Amerika Yəhudi Komitəsi ilə dostluq, əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin C.Şapironun təşkilata rəhbərlik etdiyi son 3 ildə daha da inkişaf etdiyi vurğulanıb.
Daha sonra Azərbaycan səfirliyində Global Forumda iştirak edən bir sıra qonaqlara şam yeməyi verilib, Azərbaycan-İsrail münasibətləri, ölkəmizdə yaşayan yəhudilərə dair müzakirələr aparılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton