ABŞ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ NİZAMLANMASINI DƏSTƏKLƏYİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov Birləşmiş Ştatların nümayəndələrinin Azərbaycana səfərlərinin ölkəmiz haqqında dolğun biliklər əldə etmələri üçün müsbət rol oynayacağına əminliyini söyləyərək, ABŞ-Azərbaycan əlaqələrinin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirmiş və ölkələrimiz arasında münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün birgə səylərin göstəriləcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
Lora Kennedi, ABŞ-ın strateji tərəfdaşı olan və ölkəsinin bir çox sahələrdə sıx əməkdaşlıq etdiyi Azərbaycanın Birləşmiş Ştatlarla əlaqələrinin gələcəkdə də yüksək səviyyədə olması üçün hər iki ölkə arasında münasibətlərin genişləndirilməsinin və dərinləşdirilməsinin tərəfdarı olduğunu qeyd etmişdir. Azərbaycanın inkişafına yardım göstərən iqtisadi layihələri və bu prosesə əngəl törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının ABŞ-ın dəstəklədiyini bildirən qonaq, ATƏT-in Minsk qrupunun bu problemin həllində çox maraqlı olduğunu qeyd etmişdir. Dövlət Departamentinin nümayəndəsi terror əleyhinə qlobal mübarizədə ölkəmizin iştirakına görə minnətdarlığını ifadə edərək, Kosovo, Əfqanıstan və İraqda xidmət göstərən Azərbaycan hərbçilərinin rolunu yüksək qiymətləndirmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ ilə tərəfdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını və bu tərəfdaşlığın təzahürlərindən biri kimi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrini xatırlatmış və Azərbaycan qazının Avropa bazarlarına çıxarılması məqsədi ilə sonuncu layihənin gerçəkləşməsi üçün lazımi səylərin göstəriləcəyinə ümid etdiyini bildirmişdir. Azərbaycandakı iqtisadi və siyasi sabitliyə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmasının vacibliyini bildirən nazir, bu prosesdə ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi daha fəal olmağa çağırmışdır. Nazir, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz olaraq əhalinin yerləşdirilməsi məsələsində də ABŞ-ın ədalətli mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu vurğulamışdır. Elmar Məmmədyarov Avropanın bir hissəsi olan Azərbaycanda beynəlxalq hüquq normaları əsasında aparılan demokratik islahatların gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.