ABŞ-IN NÜFUZLU “THE İNTERNATIONAL HERALD TRIBUNE” QƏZETİ AZƏRBAYCAN HAQQINDA MƏQALƏ DƏRC ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların nüfuzlu “The İnternational Herald Tribune” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası haqqında məqalə dərc etmişdir.
Qəzet yazır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi keçirdiyi iclasda ölkənin müdafiə büdcəsinin daha da artırılması planlarını bəyan etmişdir.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev son 4-5 ildə ölkənin müdafiə xərclərinin 150 milyon dollardan 1 milyard 300 milyon dollara çatdığını, bu il isə 2 milyard dollara yaxın olacağını bildirmişdir.
Qəzet Prezident İlham Əliyevin nitqindən sitat gətirərək yazır: “Azərbaycanın dövlət büdcəsi son dörd il ərzində 10 dəfə artıbdır. Əlavə artımlar nəticəsində daha da çox artacaqdır və hərbi xərclərin çoxalması ümumi kontekstdən çıxarılmamalıdır”.
Müəllif qeyd edir ki, Prezident İlham Əliyev müdafiə xərclərinin artırılmasının ümumi dövlət büdcəsinin artımına uyğun şəkildə həyata keçirildiyini vurğulamışdır.
Məqalədə Prezident İlham Əliyevin nitqindən sitat gətirilir: “Bəzi hallarda vəziyyətlə yaxından tanış olmayan, yaxud da qərəzli mövqedə dayanan beynəlxalq qurumlar buna görə bizi tənqid etməyə çalışırlar ki, Azərbaycanda silahlanma prosesi gedir və hərbi xərclər artır. Onlar bilməlidirlər ki, Azərbaycanın dövlət büdcəsi son dörd il ərzində 10 dəfə artıbdır”.
Qəzet yazır ki, Azərbaycan Respublikasının neft və qaz ehtiyatları Sovet İttifaqı dağıldıqdan sonra ölkə iqtisadiyyatının və bununla da müdafiə xərclərinin artmasına geniş imkanlar yaratmışdır. Ermənistan və Azərbaycan arasında gərginlik hələ də qalmaqda davam edir. 1994-cü ildə iki ölkə arasında atəşkəs haqqında saziş imzalanmışdır. Buna baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik əraziləri erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Münaqişə nəticəsində 30 min insan həlak olmuş, 1 milyondan artıq insan isə öz yurd-yuvasından didərgin düşmüşdür.