ABŞ Prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsidir
Bakı, 16 may, AZƏRTAC
Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın xarici siyasətdəki uğurları biri-birini əvəz etməkdədir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına təbriki dünyanın fövqəldövlətinin ölkəmizlə əlaqələrinin hazırkı səviyyəsinə aydınlıq gətirməklə yanaşı, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi kimi də qəbul edilə bilər. Məktubunda “Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər”, - deyən Amerika Birləşmiş Ştatlarının Prezidenti “iki böyük dövlət, iki böyük xalq” ifadəsi ilə Azərbaycanın gücünü, qüdrətini, xalqımızın böyüklüyünü, dünya xalqları arasında özünəməxsus yer tutmasını, zaman baxımından o qədər də böyük olmayan müstəqillik tarixində ölkəmizin, sözün həqiqi mənasında, 100 ilə bərabər inkişaf yolu keçdiyini, müstəqil siyasəti ilə beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutduğunu təsdiqləyir. Bu məktubdan aydın görünür ki, Donald Tramp Azərbaycanın nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiq edir. Bu, iki dövlət arasında yaxın tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi səciyyələndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, son 30 ilə yaxın dövrdə ABŞ-Azərbaycan tərəfdaşlıq münasibətləri yüksək dəyərləndirilir, bu əlaqələrin davamlı inkişafı arzu edilir. ABŞ Prezidenti Birləşmiş Ştatların qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını, daim Azərbaycan xalqının yanında olduğunu, demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqliyini bildirib. Həmçinin D.Tramp ABŞ-ın regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in Minsk qrupu prosesi vasitəsilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini vurğulayır.
Baş redaktor bildirib ki, məktubun məzmunundan dünyanın nüfuzlu dövlətlərindən olan ABŞ-ın Azərbaycana, onun suverenliyinə və müstəqilliyinə dəstəyi aydın şəkildə görmək olur. Prezident D.Tramp bildirir ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.
Məktubda beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə diqqətin göstərilməsinin təsadüfi hesab edilməməli olduğunu vurğulayan V.Rəhimzadə bildirib: “Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı qüvvəsinə, sabitləşdirici amilə çevrilib. ABŞ Prezidentinin məktubunda da bu uğurumuza işarə özünü qabarıq şəkildə büruzə verir. Həmçinin bildirilir ki, ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Göründüyü kimi, ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə, qlobal inkişafa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir”.
“Bu faktı da xüsusi qeyd etməliyik ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ön cərgələrdədir”, - söyləyən V.Rəhimzadə 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktını xatırlayaraq bildirib: “Azərbaycan bu terror aktına münasibət bildirən ilk dövlət oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq terrorizmlə mübarizənin ön cərgəsində olduğunu önə çəkərək bunu əməli işdə sübut etməyin vacibliyini bəyan etmişdir. Həmin ərəfədə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Trabzonda bir araya gələrək beynəlxalq terrorizmlə birgə mübarizənin vacibliyi məsələsini müzakirə etdilər. Həmin terror hadisəsinə yenə də laqeyd yanaşan yeganə dövlət işğalçı Ermənistan olmuşdur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr, ən əsası, ABŞ-da baş verən terror hadisəsinə münasibəti rəsmi Vaşinqton tərəfindən yüksək dəyərləndirilir və bu məqamlara diqqət ABŞ Prezidentinin məktubunda da öz əksini tapıb. Bu faktı da xüsusi qeyd etməliyik ki, 2001-ci ildə baş verən terror aktı ABŞ dövlətinin xarici siyasətində, ən əsası, Azərbaycana qarşı münasibətində dəyişiklikləri şərtləndirdi. Belə ki, həm məlum terror aktı, həm də 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ədalətsizliyi etiraf olunmaqla yanaşı, bu sənədin tətbiqinin birillik dondurulması ilə bağlı qərar verildi. O vaxtdan ötən dövr ərzində hər il həmin qərar yenidən təsdiqlənir. Beləliklə, o zamandan Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edən biri-birindən əhəmiyyətli addımlar atılır. Ümidvarıq ki, əlaqələrin yüksələn xətlə inkişafı fonunda ABŞ hökuməti həmin düzəlişin birdəfəlik aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək.”
V.Rəhimzadə vurğulayıb ki, ABŞ Prezidentinin məktubu Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verməklə yanaşı, qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə xələl gətirən işğalçı Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları da özündə ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Məktubda yer alan bu məqamlar Azərbaycanın tarixi torpaqlarının işğalının dünyanın böyük nüfuza malik dövləti tərəfindən qəbuledilməzliyi kimi diqqət çəkir.
Baş redaktor onu da qeyd edib ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında mayın 15-də keçirilən videokonfransda da dövlətimizin başçısı iki dövlət arasında münasibətlərə diqqət yönəldərək bildirdi ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. “Diqqəti ABŞ Prezidentinin məktubuna yönəldən dövlətimizin başçısı İlham Əliyev Donald Trampın iki böyük dövlətin gələcəkdə daha çox işlər görəcəyini xüsusi olaraq qeyd etdiyini bildirdi. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür”, - deyə V.Rəhimzadə diqqətə çatdırıb.
O, ABŞ Prezidentinin məktubunda dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsinə yüksək dəyər verildiyinin də yer aldığını bildirib. “Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”, - bildirən ABŞ Prezidenti dövlətimizin başçısı İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirləri təqdir edib. Ən önəmli məqam ondan ibarətdir ki, ABŞ kimi, Azərbaycan da xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımını əsirgəmir və bu məqamlar məktubda öz əksini tapıb.
Baş redaktor ABŞ Prezidentinin məktubunu, ümumilikdə, iki böyük dövlət və iki böyük xalq arasında əlaqələrin, ən əsası, diplomatik baxımdan yanaşsaq, rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsi kimi dəyərləndirib.