DÜNYA
ABŞ və Əfqanıstan gecə vaxtı antiterror reydləri keçirilməsinin şərtləri barədə razılığa gəlmişlər
Bakı, 9 aprel (AZƏRTAC). ABŞ və Əfqanıstan gecə vaxtı antiterror reydləri keçirilməsinin şərtləri barədə razılığa gəlmişlər.
Beləliklə, Amerika hərbçilərinin 2014-cü ildən sonra da Əfqanıstanda qalmasını nəzərdə tutan uzunmüddətli strateji tərəfdaşlıq haqqında saziş bağlanmasına imkan verməyən əsas maneə aradan qalxır.
Əfqanıstanda təhlükəsizliyə kömək üzrə beynəlxalq qüvvələrin (İSAF) komandanı, amerikalı general Con Allen Kabildə bu sazişin imzalanması mərasimində demişdir: “Biz bu gün Amerika-Əfqanıstan strateji tərəfdaşlığı yaradılmasına bir addım da yaxınlaşdıq. Ən başlıcası, biz ümumi məqsədimizə - təhlükəsiz və suveren Əfqanıstan yaradılması məqsədinə bir addım da yaxınlaşdıq”.
Əldə edilmiş razılaşma əfqan əsgərlərə imkan verəcəkdir ki, onlar ehtimal edilən silahlıların evlərinə amerikalıların iştirakı olmadan reydlər keçirə bilsinlər.
Gecə əməliyyatları zamanı tutulmuş məhbuslara nəzarət etmək funksiyası da əfqanlara həvalə ediləcəkdir. Bundan əlavə, silahlıların istintaqına amerikalı müstəntiqləri cəlb etmək lazım olub-olmamasını əfqanlar özləri həll edəcəklər.