Abşeron gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar
Xırdalan, 19 fevral ( AZƏRTAC ). Xırdalan şəhərindəki Gənclər evində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimi açan birliyin sədri Elgün Hümbətov Xocalı soyqrımının bəşəriyyətə yönələn cinayət olduğunu qeyd etmiş və faciə haqqında məlumat vermişdir. Bildirmişdir ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişdir. Bir günün içində şəhər yer üzündən silinmişdir.
Vurğulanmışdır ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca kişi və qadın olmaqla, ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, o cümlədən, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Tədbirdə iştirak edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirmişdir ki, dəhşətli qətliamı öz gözləri ilə görən xarici mətbuatın nümayəndələri da müşahidə etdikləri vəhşiliklər barədə çalışdıqları mətbu orqanlarda yazılar dərc etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi olmuşdur.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu demişlər. Bildirilmişdir ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı ilhaq etmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.