Abşeron rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub
Bakı, 26 iyun, AZƏRTAC
Abşeron rayonunda 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə hərbi hissənin ərazisində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra hərbi hissənin klubunda davam etdirilən tədbirdə Dövlət Himni oxunub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycan Ordusunun öz üzərinə düşən vəzifəni layiqincə, ləyaqətlə yerinə yetirdiyini, Vətən müharibəsində döyüş əzmi ilə düşməni sarsıtdığını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbə qazandığını vurğulayan icra başçısı Silahlı Qüvvələrimizin hərb tariximizə qızıl hərflərlə zəfərlər yazdığını bildirib. Azərbaycan Ordusunun bugünkü qələbələrinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ölkəmizdə milli kadrların hazırlanması, hərb sənətinin daha dərindən öyrənilməsi və maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində Ulu Öndərin misilsiz xidmətlərinin olduğunu qeyd edən A.Fərzəliyev əlavə edib ki, bu gün də ordumuz istənilən hərbi təxribatın qarşısını qətiyyətlə almağa hazırdır.
Sonra hərbi hissənin rəhbəri, eləcə də Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış edərək, Azərbaycan Ordusunun düşmən üzərində qazandığı qələbələrdən və torpaqlarımızı işğaldan azad etmək üçün göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərimiz, kənd və qəsəbələrimiz sürətlə bərpa edilir, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daim dövlətin prioritet məsələlərindən biri olub və bu gün də belədir.
Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.