REGİONLAR
Abşeronda bir qrup gənc mükafatlandırılıb
Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” mövzusunda bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda dahi rəhbərin abidəsi önünə tər güllər düzüblər.
Bayram tədbiri Heydər Əliyev Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları Gənclər Günü münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, 1993-cü ildə Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc nəslin inkişaf etdirilməsi, onların dövlət idarəçiliyinə cəlb edilməsi, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Qeyd edilib ki, Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. 1997-ci il fevralın 2-də imzalanan Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
Sonra şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Elşad Həsənovun qızı Aysun Həsənli, Vətən müharibəsinin iştirakçısı Elməddin Novruzov çıxış edib, ölkəmizdə gənclərin inkişafı üçün bütün istiqamətlərdə lazımi şəraitin yaradıldığını bildiriblər.
Daha sonra Abşeron rayonunun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən bir qrup gəncə fəxri fərman və mükafatlar təqdim edilib.
Tədbir bədii proqramla başa çatıb.