REGİONLAR
Abşeronda şəhidlərimiz ildönümlərində yad edilib
Xırdalan, 9 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərin ildönümləri qeyd olunub. Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi şəhidlər Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Quliyev Hətəmxan Məti oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Musibov Veysəl Yadulla oğlu, Üseynov Ceyhun Elşad oğlu, Rəhimli Ülvi Rabil oğlu və Məmmədov Tərlan Müşviq oğlunun məzarlarını ziyarət edib, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Keçirilən görüşlərdə bildirilib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh və sabitlik mühiti formalaşıb. Ölkəmizin sülh tərəfdarı olduğu qeyd edilərək, şanlı Ordumuzun bugünkü gücündən söhbət açılıb, Silahlı Qüvvələrin bundan sonra da baş verə biləcək istənilən hərbi təxribatların qarşısını almağa hazır olduğu və Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə Qarabağda yaşamağa davam edəcəyi vurğulanıb.
Şəhid ailələri də öz növbələrində onlara hər zaman diqqət və qayğı göstərildiyini, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində mütəmadi şəkildə tədbirlərin keçirildiyini bildirərək, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.