ABSURD MÖVZUSU KİNO SƏNƏTİNİN TƏRKİB HİSSƏSİDİRMİ?
AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, 30-cu Beynəlxalq Moskva kinofestivalında Azərbaycan və Almaniyanın birgə istehsalı olan “Absurdistan” filmi (rejissor Feyt Xelmer) nümayiş etdirilmişdir.
Lirik komediya janrında çəkilmiş filmdə Asiya ilə Avropa arasında yerləşən sonsuz düzənliklərdə baş vermiş romantik hadisədən danışılır. 14 ailədən ibarət Absurdistan kəndinin qadınları su problemini həll etmək üçün əlini ağdan-qaraya vurmaq istəməyən tənbəl kişilərə qarşı üsyan edirlər. Filmin qəhrəmanları - bir yerdə böyümüş Aya və Tomelko dostluğun sevgiyə çevrildiyi yaşa çatmışlar. Ancaq məlum olur ki, sevgisi ilə qovuşmaq üçün əvvəlcə oğlan kəndin su probleminin həllinə kömək etməlidir. Vəziyyət son dərəcə gərginləşir və kəndin su problemi qadınlarla kişilər arasında müharibəyə çevrilir.
Çəkiliş qrupu beynəlmiləldir. Filmdə Nurəddin Quliyev, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Maks Mauf, Kristina Malerova, Nino Çxeidze və başqaları çəkilmişlər.
30-cu Beynəlxalq Moskva kinofestivalı başa çatdıqdan sonra Feyt Xelmer Bakıya gəlməyi planlaşdırır. Burada “Absurdistan” filminin premyerası olacaqdır. Bir gün əvvəl isə çəkiliş qrupunun üzvləri filmi Lahıcda, sonra isə Şəkidə, Mingəçevirdə, Gəncədə və Lənkəranda nümayiş etdirəcəklər.