ABXAZİYADA ERMƏNİLƏRƏ QARŞI NARAZILIQ ARTIR
“Axali taoba” xatırladır ki, “1992-93-cü illərdə Abxaziyada hərbi əməliyyatlar dövründə ermənilər abxazların tərəfində vuruşaraq özlərini göstərirdilər. Ermənilərdən formalaşdırılmış Baqramyan adına batalyon gürcü əhalisinə xüsusi qəddarlıqla divan tuturdu. Şamil Basayev və onun komandası bu batalyonla çətin ki, müqayisə edilərdi. Lakin indi abxazlar gileylənirlər: “İqtisadi işlərin və ticarətin öhdəsindən dünyada ermənilər kimi yaxşı gələn yoxdur, nəticədə, onlar Abxaziyada sanballı nüfuz və ətək-ətək pul qazanmışlar, abxazlar isə bir növ “oyundankənar” qalmışlar. Abxazlar ermənilərin hökmranlığına dözmədilər və onların “nisbətən davakar hissəsi artıq açıq hərəkətlərə keçmişdir”.
Qəzet yazır ki, “Suxumidə və Abxaziyanın digər şəhərlərində ermənilərin bir neçə nümayəndəliyi fəaliyyət göstərir və rəsmi Yerevan onların mövcudluğunu danır. Bir neçə il əvvəl Yerevana müalicəyə göndərilən abxaz yaraqlılar məhz bu nümayəndəliklərin səyləri ilə seçilmişdi... O vaxt Tbilisi bundan çox narazı olduğunu bildirmişdi”.
Məqalədə deyilir ki, bu yaxınlarda abxazlar erməni “əmi-daylar”ın və “xala-bibilər”in sərfəli sövdələşmələr planlaşdırdığı nümayəndəliyinə bomba atmışlar. Onların xısınlaşa-xısınlaşa törətdikləri bəd əməllərə baxmaq abxazları lap təngə gətirmişdir. Odur ki, Suxumidə ciddi münaqişə yetişir: Abxaziyanı bölüşdürməkdə ermənilər və abxazlar çətinliklə qarşılaşmışlar.