REGİONLAR
ADAU-da Gənclər Günü qeyd olunub
Gəncə, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən ADAU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Qasımov, Tələbə Gənclər Təşkilatının sədri Nizami Məmmədov və Aqrar Gənclər Təşkilatının sədri Əli Məmmədov ölkəmizdə gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verildiyini diqqətə çatdırıblar.
Universitetin rektoru Zəfər Qurbanov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-sinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunduğunu deyib. Rektor bildirib ki, bu gün dövlət tərəfindən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir.
Çıxışlardan sonra fərqlənən bir qrup gəncə fəxri fərman təqdim olunub.