CƏMİYYƏT
“AdjaraPS” portalı Azərbaycanın Zəfər Günündən yazıb
Tbilisi, 9 noyabr, AZƏRTAC
Acarıstan Muxtar Respublikasında geniş oxucu kütləsinə malik olan “AdjaraPS” (tv12.ge) portalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş məqalə və Birinci Qarabağ müharibəsi veteranı Rövşən Namazovun müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə müxtəlif fotoşəkillərlə dərc olunan materialda oxuculara 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan dövləti torpaqlarını sülh yolu ilə erməni işğalından azad etmək üçün uzun illər çalışıb. İşğalçı Ermənistan isə öz çirkin niyyətindən əl çəkməyərək, nəinki işğal etdiyi torpaqlardan geri çəkilməyib, əksinə, mütəmadi olaraq atəşkəs rejimini pozub, daha da irəli getməyə cəhd göstərib. Lakin 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 gün ərzində düşmən üzərində inamlı Qələbə qazanıb, torpaqlarımızı işğaldan azad edib.
Məqalənin müəllifi, Acariya Televiziyasının və “AdjaraPS” portalının direktoru Camal Meqrelidze qeyd edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində son 2 əsrdə misli görünməmiş Qələbə qazanıb. Bu, dünya hərb tarixinə qızıl hərflərlə yazılan bir Qələbə olub.
Portalda, eyni zamanda, Birinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Namazovun da müsahibəsi dərc olunub. R.Namazov müsahibəsində Azərbaycan xalqının Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar, eləcə də erməni işğalçılarının xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı necə işğal etmələri barədə təəssüratlarını bölüşüb. Bildirib ki, İlham Əliyev Prezident seçildikdən sonra Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi iqtisadi cəhətdən inkişaf etdirib və ordu quruculuğuna xüsusi diqqət yetirib. Bunun nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük müharibədə şanlı Zəfər qazanıb və şəhidlərimizin qanı yerdə qalmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi