ADMİU-nun 100 illik yubileyi Bakı Ali Neft Məktəbində qeyd olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
BANM-in rektoru Elmar Qasımov ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Rektor iki universitet arasındakı işgüzar əlaqələrdən danışıb və bunun davamlı olacağına əminliyini vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə, şəxsən rektor Elmar Qasımova təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamını xatırladan rektor bu Sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.
C.Mahmudova ADMİU-nun 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, onlar və ümumən universitetin tarixi haqqında yeni nəşrlərin hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov ölkənin ilk yaradıcı ali təhsil ocağı olan Mədəniyyət və İncəsənət Universitetinin kollektivini təbrik edib, onun Azərbaycan incəsənətinin tarixindəki mühüm rolundan danışıblar.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.
Konsert ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifası ilə başlayıb.
ADMİU-nun Xalq çalğı alətləri ansamblının, universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin, Xalq artistləri Teyyub Aslanov, Simarə İmanova, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun müəllimləri İsmayıl Zülfüqarov, Səxavət Məmmədov, Qəlbinur İbrahimli, tələbələr Lalə İsmayılova, Əvəzxan Əzizov, Fərqanə Xudiyeva, magistrantlar Sərvər Yılmaz, Bəxtiyar Quliyev, Məlik Məmmədov, Almaxanım Əhmədli, Vüqar Əbilov, Məmməd Məmmədli, məzunlar Gülşən Əliyeva, Vüsal Qasımov, Aytac Fərəcovanın ifasında səslənən musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.