ELM VƏ TƏHSİL
ADPU-da tədbir: Qələbə ruhunu yaşat
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Qələbə ruhunu yaşat!” mövzusunda bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ADPU-nun 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olan tələbə və məzunlarının bir qisminin ailə üzvləri universitetin foyesindəki “Zəfər guşə”sini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər çiçəklər qoyublar.
Sonra “Zəfər stendi” və ADPU-nun Heydər Əliyev muzeyi ziyarət olunub.
Tədbiri açan ADPU THİK-in sədri Cəmilə Qurbanova şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşadığını qeyd edib. Möhtəşəm Qələbəmizə, ərazi bütövlüyümüzün bərpa edilməsinə və suverenliyimizin tam təmin olunmasına görə ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusuna, qəhrəman şəhid və qazilərimizə borclu olduğumuzu qeyd edən ADPU THİK sədri tələbələri tarixi unutmamağa, qalib xalqın gəncliyi olaraq üzərilərinə düşən məsuliyyəti dərk etməyə, XXI əsrin rəqəmsal dünyasında öz vətəndaş mövqelərini ortaya qoymağa səsləyib.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən vətənpərvərlik ruhundakı musiqili-ədəbi kompozisiyalar təqdim edilib.
Daha sonra Vətən müharibəsində şəhid olan ADPU-nun tələbə və məzunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Mərasimin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərov vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş tədbirin təşkilində əməyi olan tələbələrə, habelə şəhidlərin yaxınlarına və qazilərə təşəkkür edib. Rektor Pedaqoji Universitet adından hazırlanmış gül dəstələrini şəhidlərin yaxınlarına təqdim edib.