ADU-da tələbələr Çin dilində imla yazıblar
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Çin heroqliflərinin imla-müsabiqəsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi tələbələrin Çin dilini öyrənmələri, heroqlifləri düzgün yazmaları üçün motivasiyasını artırmaqdır. İmla Çində olduğu kimi keçirilib. Konfutsi İnstitutunun müəllimlərinin ana dilində oxuduqları sözlərin heroqliflərini iştirakçılar bir dəqiqədə düzgün şəkildə göstəriblər.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, kompleks və nadir hallarda istifadə olunan heroqliflərin yazılmasında vacib olan ümumi lüğət imlası Çində çox məşhurdur. Tələbələrin müsabiqədə uğurlu iştirakı ADU-da fəaliyyət göstərən Çin xəttatlıq kursları ilə asanlaşdırılıb. Kurslarda Çin yazı və xəttatlıq sənətində əsas nəzəri və praktik bacarıqlar aşılanır.