ADU-da üç mindən çox tələbə onlayn imtahanları müvəffəqiyyətlə verib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn qaydada davam edir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, imtahanlar 3 növbədə səhər saat 10:00-dan 18:00-a qədər əvvəlcədən hazırlanmış, lazımi internet şəraiti ilə təchiz olunmuş otaqlarda, sanitar-gigiyenik qaydaları, sosial məsafəni qorumaq şərti ilə keçirilir. 366 qrup üzrə 872 fəndən imtahan davamedici fənlərlə bağlı verilmiş qərara əsasən, 529 fənn olmaqla 40 faiz azaldılıb. Gün ərzində hər 3 tədris binasında təxminən 1100-dək tələbə onlayn imtahan verir.
İyunun 12-nə olan statistik nəticələrə görə, 3113 tələbə onlayn imtahan verib, kəsilən tələbə olmayıb. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 57 bal olaraq qeyd olunub. İmtahanlar zamanı tələbələr yüksək bilik nümayiş etdirirlər.
Tələbə iyun ayında təşkil olunan imtahandan imtina edib, avqust-sentyabr aylarında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilər. Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) buraxılış kurslarında oxuyan tələbələr də daxil olmaqla və cari semestrdə hər hansı fənn üzrə akademik borcu yaranmış tələbənin imtahanlarının ödənişsiz əsaslarla təşkil olunması təmin ediləcək.