Aftandil Hacıyev: Çoxdandır qələbə qazanmaq istəyirdik
Bakı, 11 aprel, AZƏRTAC
Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün ikiqat sevincliyik.
AZƏRTAC xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında söyləyib.
Qırx bir yaşlı mütəxəssis hər iki komandanın azarkeşlərinin oyunu gözəlləşdirdiyini bildirərək deyib: "Çoxdandır qələbə qazanmaq istəyirdik. Futbolçularım meydanda rəqibdən hərtərəfli üstün oldular. Kifayət qədər qol epizodları yaratdıq. Hər iki hissədə rəqibi topsuz qoyduq. Sevindiricidir ki, düşündüyümüz oyun alındı. Bu gün qalib gəlsək də, rəqibin təzyiqi daim hiss olunurdu. Fərdi keyfiyyətləri yüksək olan futbolçuları ilə qapımız qarşısında qol epizodları yaradırdılar. Amma həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bir-birindən gözəl qollar vurduq. Belə oyunlar üçün hər komandada rəqabətin olması önəmlidir. Sabit heyətlə çıxa bilmədiyimiz matçlarda xallar itirdik. Amma hər oyunda futbolçularımızın istədiyimiz şeyləri etməyə çalışdıqlarını görürdük. Sadəcə bunu nəticəyə çevirmək çətin olurdu. Bu gün onu da bacardılar. Hər komandanın zəif oynadığı matçlar olur. Futbolçularımın hansısa görüşdə istəksiz çıxış etdiyini deməzdim".
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev komandasının çempionatdakı ən zəif oyununu oynadığını bildirib. “Zədəsini yenicə sağaltmış futbolçularımız var ki, bu gün onları riskə atdıq. Şükürlər olsun ki, oyunu sağ-salamat başa vurdular. Cəzalı və zədəli futbolçularımız var. Bura kimi gəlmişik. Bundan sonra şansımızı əldən vermək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda ən azı iki kubok və altı çempionat oyunu var. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq", - deyə baş məşqçi qeyd edib.
Elmar Baxşıyev bildirib ki, müqavilə yeniləməyin bugünkü oyuna heç bir təsiri yoxdur: "Bu, rəhbərliyin təklifi və qərarıdır. Çempionatda zəif rəqib yoxdur. Hər bir komanda digərindən xal ala bilər. Heyət baxımından sıxıntımız olduğu üçün oyun ağır alındı. Komandanın uğursuzluq zolağına düşməsi fikri ilə razılaşmıram. Futbolçularıma inanıram. Onlar bu durumdan çıxacaq xarakterə və gücə sahibdirlər".
Baş məşqçi həm hücumda, həm də müdafiədə yaxşı oynamadıqlarını etiraf edib. "Futbolçuları fərdi qaydada vurğulamazdım. "Səbail" həmin komandadır ki, öz meydanında "Qarabağ"a da qalib gəlib. Başımızı aşağı salmaq fikrində deyilik. Apreldə bizi ağır qrafik gözləyir. Heyət geniş olmalıdır ki, həm kubokda, həm də çempionatda oynayasan. Amma kədərlənmək vaxtı deyil", - E.Baxşıyev deyib.