Ağcabədidə “Milli Qurtuluş – xalqın zəfəri” adlı videokonfrans keçirilib
Ağcabədi, 13 iyun, AZƏRTAC
1993-cü il iyunun 15-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədəki böhrana son qoyulub, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşib. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən, xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videokonfransda səsləndirilib. “Zoom” platforması üzərindən “Milli Qurtuluş - xalqın zəfəri” mövzusunda təşkil olunan konfransda Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Təhsil şöbəsinin, Ağcabədi Pedaqoji Kollecinin əməkdaşları iştirak ediblər.
Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev əlamətdar gün münasibətilə videokonfrans iştirakçılarını təbrik edib və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.
Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov və başqaları çıxış edərək 1990-cı illərdə respublikamızda baş verən ictimai-siyasi proseslərdən, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən bəhs ediblər.