Ağdam sakininin maraqlı əl işləri FOTO
Ağdam, 25 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun “Dördyol-1” qəsəbəsində məskunlaşan keçmiş məcburi köçkün Mirsiyab Abdullayev ixtisasca musiqiçi olsa da, həvəskar heykəltaraş kimi tanınır. Onun həyətinə gələnlər müxtəlif illərdə hazırladığı əl işlərini böyük maraqla seyr edirlər.
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bu sənətə 10 ildən çoxdur ki, başladığını bildirib: “Əvvəlcə sement, qum, keramika yapışdırıcılarından və boyalardan istifadə etməklə gül qabları düzəltdim. Əl işlərim yaxşı alındığı üçün heykəltaraşlığa da marağım yarandı. Daha sonra müxtəlif heyvan fiqurları - maral, ceyran, qartal, dağ keçisi, ayı, şir, timsah, leylək, ilan, at hazırlamağa bağladım. Düzəltdiyim fiqurlar görənlərin böyük marağına səbəb olur. Ümumilikdə indiyədək 40-a yaxın əl işim var. Onların bir qismini dosta-tanışa hədiyyə etmişəm. Qalanları isə həyətimdədir”.
Həmsöhbətimizin əl işləri arasında heyvan heykəllərindən başqa kababxana, samovarxana, dəyirmi masa, fəvvarə də var. Hazırda isə tibbin simvolu olan ilan və qədəh fiqurunu tamamlamaq üzrədir.
Qarabağ müharibəsi veteranı olan M.Abdullayev gələcək planlarından da danışıb: “Qəhrəman əsgərlərimizə həsr olunan kompozisiya yaratmaq istəyirəm. Artıq torpaqlarımız işğaldan azad olunub. İstəyim odur ki, bu kompozisiyanı Ağdama qayıtdıqdan sonra orada hazırlayam”.