Ağstafa rayonunun ictimai həyatında fəal iştirak edən gənclər mükafatlandırılıblar
Ağstafa, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ağstafa şəhərində 2 fevral - Azərbaycan Gəncləri Günü təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstləri düzərək, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon gənclərini əlamətdar tarix münasibətilə təbrik edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladaraq, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi ilə yanaşdığını bildirib. Məhərrəm Quliyev Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başlandığını, həmin il Ulu Öndərin o zaman mövcud çətinliklərə baxmayaraq Gənclər və İdman Nazirliyini yaratdığını vurğulayıb.
İcra hakimiyyətinin başçısı deyib ki, Ağstafa gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Vətən uğrunda canını qurban verən şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu bildirən Məhərrəm Quliyev qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Çıxış edən ağstafalı gənclər Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanmasını, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsini yüksək dəyərləndirib, gənclər üçün yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra Ağstafa rayonunun ictimai həyatında fəal iştirakına görə bir qrup gənc şəhər icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Çıxış və təltiflərdən sonra bayram tədbiri konsert proqramı ilə davam edib.