Ağstafada cari ilin birinci yarısının yekunları müzakirə edilmişdir
Ağstafa, 14 iyul (AZƏRTAC). Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin diqqət və qayğısı, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncamlar, tapşırıq və tövsiyələri nəticəsində 2012-ci ilin birinci yarısında da bütün sahələr üzrə yüksək göstəricilərə nail olunduğunu bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 6 ayda ümumdaxili məhsul istehsalının həcmi 39,6 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 43,6 faiz artmışdır.
Cari ilin ötən dövründə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 3,5 dəfə, nəqliyyat xidmətində 16,1 faiz, rabitə xidmətində 8,9 faiz, ticarətdə 9 faiz artım olmuşdur. Rayon üzrə orta aylıq nominal əmək haqqı 2,3 faiz artaraq 201 manata çatdırılmışdır.
Bildirilmişdir ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. İndiyədək rayon üzrə 11966 hektar taxıl sahəsinin 1528 hektarında biçin aparılmış, 3743 ton məhsul toplanmışdır. Hər hektardan məhsuldarlıq 24,5 sentner olmuşdur.
“Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Ağstafa “Aqroservis” xidmətinin 67 kənd təsərrüfatı texnikası mövcuddur. Lakin “Aqroservis”in rəhbərliyi torpaq mülkiyyətçiləri ilə əvvəlcədən sahələrin becərilməsinə və biçilməsinə dair müqavilələr bağlamamış, onların əkdikləri payızlıq və yazlıq bitkilərin becərilməsinə dair iş qrafiki tutulmamışdır.
Məruzədə məktəblərin infrastrukturunun yeniləşməsi məsələsinə toxunularaq bildirilmişdir ki, Tatlı kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılmış, Düzqışlaq kəndində 180 şagird yerlik yeni məktəbin tikintisi davam etdirilir. Texniki və humanitar təmayüllü lisey və təhsil şöbəsinin inzibati binası əsaslı təmir edilmişdir. Hesabat dövründə 360 şagird yerlik Göycəli kənd orta məktəbinin yeni binasının tikintisinə başlanılmışdır. Soyuqbulaq qəsəbəsində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə yaxın müddətdə başlanması nəzərdə tutulur.
Diqqətə çatdırılmışdır ki, 2012-ci ilin altı ayında rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə cəmi 4.9 milyon manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 6 layihə üzrə 150 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 354,7 min manat və 354.8 min ABŞ dolları həcmində olmuşdur. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Hesabat dövründə Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 2071 yeni iş yeri açılmış, 407 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. İşlə təmin olunanların 52 faizi daimi işlərdə işləyənlərdir.
Şura iclasında rayonun idarə, müəssisə və təşkilatlarının altı aylıq fəaliyyəti ətraflı təhlil olunmuşdur.