Qanunsuz quş kəsimi sexində reyd aparılıb
Bakı, 4 iyun, AZƏRTAC
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək, quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib. Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.