Şəhid Səma Kərimovanın xatirəsi anılıb
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və İ.Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində Laçın rayonundan olan şəhid, filoloq-müəllim Səma Kərimovanın xatirəsinə həsr edilmiş “Göylər mələyi” adlı anım gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcısı, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal Rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxışında şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O, Səma Kərimovanın həyat yolu, müəllimlik fəaliyyəti, ədəbiyyata sevgisi və Laçının işğalı dövründə üzləşdiyi çətinliklərdən bəhs edib.
“Köhnə çamadanlar” filminin ssenari müəllifi və rejissoru Səidə Haqverdiyeva bildirib ki, ekran əsəri vasitəsilə Qarabağ ağrılarını və məcburi köçkün qadınların fədakarlığını gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, Səma Kərimovanın həyatı bütöv bir qəhrəmanlıq salnaməsidir.
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynurə Həsənova çıxışında qeyd edib ki, Laçın torpağı hər zaman vətənpərvər insanlar yetişdirib. O, şəhidlərin xatirəsini yaşatmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Tədbir çərçivəsində şəhid Səma Kərimovanın sevdiyi şeirlər və mahnılar səsləndirilib. Bədii hissədə müxtəlif ədəbi müsabiqələrin qalibləri və iştirakçıları vətənpərvərlik mövzusunda şeirlər təqdim ediblər.
Əməkdar artist Rəhilə Bəndəliyeva, xanəndə Maya Cəbrayılova, həmçinin İ.Əbilov adına Mədəniyyət Mərkəzinin solistləri Fərid Əzizli və Xəqani Zeynalabdinov vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Sonda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın hazırladığı, şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.