AĞSU RAYONU MÜƏLLİMLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Ağsu şəhər 2 nömrəli orta məktəbin iclas zalında rayon müəllimlərinin konfransı olmuşdur.
Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə gül qoymuş, xatirəsini ehtiramla anmışlar.
Rayon təhsil şöbəsinin müdiri S.Məmmədov “2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etmiş, müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə uğurlarla müşayiət edilir. Ölkədə təhsilin ən prioritet sahə olduğunu dəfələrlə bildirən dövlət başçısı Azərbaycan təhsilində məqsədyönlü islahatların aparılmasını, genişmiqyaslı layihələrin və proqramların həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğının nəticəsində 2005-2007-ci illərdə Ağsuda 6 yeni məktəb binası, 13 əlavə sinif otağı tikilmişdir. Bu il isə Pirhəsənli, Cəlayir, Çiyni, Xəlilli, Axundlu və Qaraməmmədli kəndlərində yeni məktəb binaları inşa edilmişdir. Həmin məktəb binaları qarşıdakı dərs ilində istifadəyə veriləcəkdir. Ağsu şəhər 1 nömrəli məktəb-liseydə isə əsaslı təmir işləri başa çatmaq üzrədir. Yeni tikilən məktəblər lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Ümumiyyətlə, son illərdə tikilən, əsaslı təmir olunan məktəblər, inşa edilən əlavə sinif otaqları 4 minədək şagirdi əhatə edir.
Konfransda Ağsunun bütün məktəblərində I-XI sinif şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması faktı razılıq hissi ilə vurğulanmışdır. Yeni məktəb binalarının tikintisində, habelə tədris ocaqlarının inventar və avadanlıqla təchizatında Heydər Əliyev Fondunun xüsusi rol oynadığı vurğulayan məruzəçi qarşıdakı dərs ilində birinci sinifdə oxuyacaq 801 şagirdə Fondun təşəbbüsü ilə bütün dərs ləvazimatlarının hədiyyə edildiyini bildirmiş, buna görə rayonun pedaqoji kollektivləri adından Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Məruzə və çıxışlarda tədrisin səviyyəsinin yüksəldilməsi, müəllimlərin peşə hazırlığına diqqətin artırılması, xarici dillərin tədrisindəki problemlər və digər məsələlər barədə danışılmış, konkret vəzifələr müəyyənləşdirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlardan, son vaxtlar Ağsunun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ötən tədris ilində yol verilmiş nöqsanlardan, habelə pedaqoji kollektivlərin qarşısında duran vəzifələrdən bəhs etmişdir.
Tədbirdə Azərbaycan müəllimlərinin bu günlərdə keçiriləcək konfransına 9 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir.