AĞSUDA İKİNCİ YENİ TELEQÜLLƏ TİKİLİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Gülüstan adlanan ərazisində tikilən yeni stansiyada radio və televiziya proqramlarının yayımı üçün Azərbaycanda bənzəri olmayan 2 ədəd televiziya və 2 ədəd FM radio vericiləri quraşdırılacaqdır. Yeni televiziya vericilərinin alınması ilə gələcəkdə onların rəqəmsal yayıma keçirilməsi də nəzərdə tutulmuşdur.
Stansiyanı elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilometrlik yüksək gərginlikli elektrik xətti çəkiləcək, fasiləsiz iş rejimini qurmaq üçün 2 ədəd 133 kilovatlıq və 1 ədəd 50 kilovatlıq dizel generatoru, 3 ədəd fasiləsiz qida mənbəyi və 3 ədəd gərginlik tənzimləyicisi də quraşdırılacaqdır.
Yeni stansiya istismara verildikdən sonra respublikanın böyük bir ərazisində daha keyfiyyətli radio-televiziya proqramlarının yayımı əldə ediləcəkdir.