AHİK-DƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev yığıncağı giriş sözü ilə açaraq, bu tarixi günün qeyd olunması barədə tədbirin iştirakçılarına ətraflı məlumat vermiş, yaşadığımız dövrdə, xüsusilə müstəqillik əldə etdikdən sonra ölkəmizin ictimai-siyasi, mənəvi-mədəni həyatında ciddi dəyişikliklər olduğunu söyləmişdir. O demişdir ki, daxili və xarici qüvvələrin müstəqil dövlətimizə qarşı yönəldilmiş təxribatlarını, keçid dövrünün sosial-iqtisadi çətinliklərini və Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması və xarici ölkələrdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılması məqsədi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd olunmasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1991-ci ildə qoyulmuşdur. Ötən dövr ərzində bu istiqamətdə aparılan səmərəli işlərin nəticəsində xarici ölkələrdə azərbaycanlıların güclü diaspor təşkilatları formalaşmış və müvəffəqiyyətlə fəaliyyət göstərir.
AHİK-in sədri vurğulamışdır ki, 13 ildən çoxdur ki, dünya azərbaycanlıları öz həmrəylik günlərini təntənə ilə bayram edirlər. Bu münasibətlə S.Mehbalıyev yığıncaq iştirakçılarını və onların timsalında bütün həmkarlar ittifaqlarının üzvlərini təbrik etmişdir.
Yığıncaqda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar tarix elmləri namizədi, Əmək və Sosial Münasibətlər Akademiyasının dosenti Vəkil Həsənov məruzə ilə çıxış etmişdir.