Aİİ-də “İslam arxeologiyası” mövzusunda seminar
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tədqiqatçı, tarixçi, arxeoloq, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin təqdimatında “İslam arxeologiyası” mövzusunda seminar keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycanda sözügedən mövzuya marağı, həmçinin bu istiqamətin mahiyyəti və tarixi ilə bağlı məlumatlara olan ehtiyacı nəzərə alaraq təşkil edilib.
Aİİ-nin islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov müasir dövrdə dünyada baş verən prosesləri anlamaq üçün sosial mənsubiyyətindən asılı olmayaraq, bütün insanların maariflənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə institutun ardıcıl dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.
Fariz Xəlilli İslam arxeologiyası termininin tarixi və bu terminin ehtiva etdiyi məna haqqında dolğun məlumat verib. Bildirib ki, İslam arxeologiyası təkcə müasir İslam ölkələrini deyil, həmçinin əhalisi qeyri-müsəlman olan ölkələri də əhatə edir. İslam arxeologiyasının əsas istiqamətləri maddi-mədəni abidə və artefaktların aşkarlanmasını və tədqiqini ehtiva edir.
Məruzəçi bildirib ki, İslam sivilizasiyasının ən başlıca səciyyəvi əlaməti, özəlliyi və fenomeni - şəhərsalma mədəniyyətinin yüksək səviyyəyə çatmasıdır. Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu IX əsrin əvvəllərindən başlanıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.