Akademik: Neft və Qaz İnstitutunda son ildə mühüm elmi nəticələr əldə edilib
Bakı, 10 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda son ildə mühüm elmi nəticələr əldə edilib. Cənubi Xəzər neftli-qazlı hövzəsində karbohidrogen sistemlərinin təhlili və rəqəmsal modelləşdirilməsi nəticəsində üç klassik — Eosen-Pliosen, Oliqosen-Miosen-Pliosen və Miosen-Pliosen, həmçinin üç qeyri-ənənəvi (şistli) — Eosen, Maykop və Diatom yüksək generasiya potensialına malik karbohidrogen sistemi müəyyən edilib. Cənubi Xəzər hövzəsində neft və qaz mənbəyi təbəqələrinin generasiya potensialının qiymətləndirilməsi pirolitik, izotop-geokimyəvi və xromatoqrafik-kütləvi spektrometrik tədqiqatların nəticələrinə əsaslanır və bu nəticələr göstərir ki, Pliosen rezervuarının nefti Eosen, Oliqosen-Miosen (Maykop) və Miosen (Tarxan-Çokrak və Diatom) yaşlı müxtəlif neft mənbəyi təbəqələrinin qarışığından ibarətdir. Bu mənbə komplekslərinin hər birinin rolu konkret geoloji şəraitdən asılı olaraq dəyişir.
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, bu barədə elmi müəssisənin baş direktoru akademik Fəxrəddin Qədirov bildirib. Akademikin sözlərinə görə, professor Vaqif Kərimovun apardığı modelləşdirmə nəticələri Cənubi Xəzər hövzəsində generasiya olunmuş karbohidrogenlərin ümumi həcminin 175,35 milyard ton olduğunu göstərir ki, bu da hövzənin böyük sənaye perspektivlərinə malik olduğunu bir daha təsdiqləyir.