Akademik: Prezident İlham Əliyevin xarici siyasətinin prioriteti sülh, dialoq və əməkdaşlıqdır
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi müasir diplomatiya tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu mükafat təkcə bir dövlət başçısına təqdim olunan ali təltif deyil, eyni zamanda, sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsinin ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması deməkdir: “Dövlətimizin başçısının mükafatlandırma mərasimindəki çıxışı bu təltifin mahiyyətini daha aydın şəkildə ortaya qoydu. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirildi. Eyni zamanda, mərasimin Əbu-Dabidə keçirilməsinin rəmzi mənası da çıxışda xüsusi vurğulandı. Məhz burada aparılan danışıqların sonradan Vaşinqtonda tarixi razılaşmalarla nəticələnməsi BƏƏ-nin və onun Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın sülh prosesinə verdiyi töhfə kimi qəbul olunur”.
Ə.Əmiraslanov qeyd edib ki, mərasimin məhz Əbu-Dabidə keçirilməsi rəmzi məna daşıyır. Onun sözlərinə görə, burada aparılan danışıqların sonradan Vaşinqtonda tarixi razılaşmalarla nəticələnməsi BƏƏ-nin və bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın sülh prosesinə verdiyi töhfənin bariz göstəricisidir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və Azərbaycanın bu quruma qoşulması ölkəmizin irəli sürdüyü sülh gündəliyinin qlobal səviyyədə qəbul olunduğunu təsdiqləyən mühüm faktdır. Mükafat komitəsi Prezident İlham Əliyevin regional sülhün təmin olunmasındakı rolunu vurğulamaqla yanaşı, onun qlobal sülhə verdiyi töhfələri də yüksək qiymətləndirib.
Komitə sədri xatırladıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın əvvəlki laureatları arasında Roma Papası və BMT-nin Baş katibi kimi nüfuzlu şəxslərin yer alması Prezident İlham Əliyevin qlobal sülh və əməkdaşlıq sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir.
Akademik Azərbaycan-BƏƏ münasibətlərinin daha geniş geosiyasi əhəmiyyətinə də diqqət çəkərək deyib: “Qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında mühüm körpü rolunu gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir”.
Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri həm regional sülh gündəliyi, həm də Azərbaycanın regional və qlobal nüfuzunun daha da artması baxımından mühüm hadisədir: “Bu proses Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi rasionalizm mərhələsinə keçidini sürətləndirir və ölkəmiz üçün tranzit gəlirləri, enerji ixracı, investisiya axını və regional liderlik baxımından ciddi iqtisadi üstünlüklər vəd edir”.