Akademik Rasim Əliquliyev: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellekt olmadan mümkün deyil
Bakı, 15 may, AZƏRTAC
Şəhərsalma məsələlərinə geniş və çoxşaxəli yanaşma tələb olunur. Şəhərsalma yalnız yaşayış, nəqliyyat, ekologiya, qaz və su təchizatı kimi görünən infrastrukturdan ibarət deyil, eyni zamanda, mədəniyyət və digər sosial-iqtisadi komponentləri də özündə birləşdirən mürəkkəb bir sistemdir. Bu baxımdan şəhərsalma problemləri multidisiplinar xarakter daşıyır və bütün elmi istiqamətlərin birgə iştirakını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, yaşıl və rəqəmsal transformasiya anlayışları son illərə qədər geniş tanınmasa da, bu gün artıq mühüm tədqiqat və inkişaf sahələrinə çevrilib: “İndi yaşıl cəmiyyət, yaşıl iqtisadiyyat və yaşıl texnologiya kimi anlayışlar elmi mühitdə geniş şəkildə istifadə olunur və inkişaf etdirilir. Müasir şəhərsalma prosesləri rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi olmadan mümkün deyil. Prezident İlham Əliyev tərəfindən “Ağıllı şəhər” konsepsiyası strateji hədəf kimi müəyyən edilib və bu istiqamətdə mühüm işlər görülür. Lakin bu proses yalnız xarici texnologiyaların tətbiqi ilə deyil, milli kadr potensialının hazırlanması ilə mümkün ola bilər”.
Rasim Əliquliyev qeyd edib ki, bu sahədə universitetlər və elmi-tədqiqat müəssisələri mühüm rol oynayır: “Elm və Təhsil Nazirliyi tərəfindən ardıcıl şəkildə həyata keçirilən işlər nəticəsində bu istiqamətdə kadr hazırlığı gücləndirilir. Şəhərsalma sahəsində aparılan işlər daha sistemli və institusional yanaşma tələb edir. Bunun üçün elmi-tədqiqat institutlarının və ixtisaslaşmış qurumların yaradılması da nəzərdən keçirilə bilər. Rəqəmsal transformasiyanın müsbət tərəfləri ilə yanaşı, müəyyən riskləri də mövcuddur və bu çağırışlara hazır olmaq vacibdir. Xüsusilə “deepfake” kimi texnologiyaların yaratdığı yeni risklər diqqət mərkəzində saxlanmalıdır”.
Akademik vurğulayıb ki, XXI əsrdə şəhərsalma ənənəvi yanaşmadan fərqli olaraq daha innovativ və inteqrasiya olunmuş model tələb edir: “Şəhərsalma siyasətində əsas məqsəd tarixi irsi qorumaqla yanaşı, müasir texnologiyalar əsasında inkişafı təmin etməkdir. Azərbaycanın zəngin memarlıq və şəhərsalma irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır və müasir yanaşmalarla harmonik şəkildə inkişaf etdirilməlidir”.