Akademik Seyfəddin Əliyevin zoologiya elminin inkişafında mühüm xidmətləri olub
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də AMEA-nın Zoologiya İnstitutunda görkəmli alim, akademik Seyfəddin Əliyevin 90 illik yubileyinə həsr olunan onlayn tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova açıb. O, zoologiya və entomologiya sahəsində tanınmış alim olan Seyfəddin Əliyevin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, S.Əliyev 168 elmi əsərin, o cümlədən 3 monoqrafiya, kənd təsərrüfatı işçilərinə kömək məqsədilə yazılmış 4 kitab və 3 elmi-kütləvi kitabçanın müəllifidir. Alim orta məktəb şagirdləri üçün hazırlanmış “Zoologiya” dərsliyinin və 10 cildlik “Azərbaycan ensiklopediyası”nın müəlliflərindən, eləcə də V.A.Dogelin universitetlər üçün rus dilində yazdığı “Onurğasızlar zoologiyası” dərsliyini Azərbaycan dilinə tərcümə edənlərdən biridir.
Diqqətə çatdırılıb ki, akademik S.Əliyev Azərbaycan dilinə tərcümə olunmuş 3 cilddən ibarət “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının II cildinin əsas tərtibçisi və məsul redaktorudur. Bundan başqa, ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs vəsaitin, 6 monoqrafiyanın, 4 kitabçanın redaktoru, həmçinin Azərbaycan dilinin izahlı lüğətinin IV cildində verilən zoologiya və entomologiya terminlərinin tərtibçisidir.
Akademik İradə Hüseynova yubilyarın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanına layiq görüldüyünü bildirib.
Tədbirdə Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən biologiya üzrə elmlər doktoru Elşad Əhmədov çıxış edərək Seyfəddin Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, alim yüksəkixtisaslı kadrların hazırlanmasında da əvəzsiz rol oynayıb.
Onlayn tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü İlham Ələkbərov, professor Canbaxış Nəcəfov, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyev və başqaları çıxış edərək akademik S.Əliyevi yubileyi münasibətilə təbrik edib, onunla bağlı xoş xatirələrini bölüşüblər.
Sonda alimin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.