AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ELMİ TƏDQİQAT GÖZ XƏSTƏLİKLƏRİ İNSTİTUTUNUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Yığıncaqda ölkənin tibb ictimaiyyətinin nümayəndələri, habelə Rusiyanın tanınmış oftalmoloqları - RF Tibb Elmləri Akademiyasının həqiqi üzvləri Arkadi Nesterov, Alevtina Brovkina, professor Yuri Astaxov iştirak edirdilər.
Əvvəlcə iştirakçılar Fəxri xiyabanı ziyarət edərək, ümummilli liderimiz Heydər Əliyevin və onun xanımı - görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini anmışlar.
Səhiyyə naziri Oqtay Şirəliyev yığıncağı açaraq, Bakı göz xəstəxanasının bazasında 1946-cı ildə yaradılan institutun təşəkkülü tarixindən, insanların görmə qabiliyyətinin bərpa olunması, təhlükəli göz xəstəliklərinin aradan qaldırılması və müasir müalicə üsullarından istifadə sahəsində Cənubi Qafqazda yeganə elmi tədqiqat oftalmologiya müəssisəsi olan institutun alimlərinin xidmətlərindən danışmışdır. Akademik Zərifə Əliyevanın ötən əsrin ortalarında yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasına verdiyi misilsiz töhfə, habelə onun peşə ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları, - bu tədqiqatlara görə o, SSRİ Elmlər Akademiyasının M. Averbax adına mükafatına layiq görülmüşdü, - xüsusi vurğulanmışdır.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin institutun kollektivinə ünvanlanmış təbrik məktubunu oxumuşdur. Təbrik sürəkli alqışlarla qarşılanmışdır.
İnstitutun bir qrup əməkdaşına “Tərəqqi” medalı təqdim olunmuşdur. Onlar dövlətimizin başçısının yubileyqabağı Sərəncamı ilə bu mükafata layiq görülmüşlər.
Ölkəmizin müxtəlif tibb müəssisələrinin nümayəndələri institutun kollektivini təbrik etmişlər. Axırda bu tanınmış müalicə-elm müəssisəsinin təşəkkülü və inkişafı tarixindən söhbət açan sənədli film nümayiş etdirilmişdir.