AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS DAVAM EDİR
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 80 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın və iridologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans Azərbaycan Tibb Universitetində işini davam etdirmişdir.
Aprelin 29-da keçirilən ümumi iclasda professorlar Z.Quliyeva və K.Kərimov (Azərbaycan), S.Duman (Türkiyə), X.Şəms (İran), A.İsmanqulov (Qırğızıstan), akademik A.Nesterov (Rusiya) sədrlik edirdilər.
Məruzələrin əsas mövzuları görmə orqanının peşə patologiyası, refraksiya və lazer cərrahiyyəsi ilə bağlı idi. A.Brovkina, L.Moşetova, İ.Beradze, Ç.Cərullazadə, Ç.Bazarbayeva və digər alimlər məruzələrində kataraktın, qlaukomanın müalicəsi, gözün cərrahiyyə yolu ilə korreksiyası, oftalmologiyada müasir texnologiyaların, xüsusən lazerin, Çijevski lampasının və cərrahiyyə əməliyyatlarının yeni metodları sahəsində elmi araşdırmalarının nəticələrindən danışdılar.
Ümumi iclas canlı elmi diskussiya şəraitində keçdi və slaydlar, digər əyani vəsaitlər nümayiş etdirildi.
Daha sonra məruzələr ətrafında müzakirələr oldu.
Aprelin 30-da keçiriləcək növbəti ümumi iclasda oftalmologiyanın perspektivli sahələrindən birinin - Azərbaycanda bünövrəsi akademik Zərifə xanım Əliyeva tərəfindən qoyulmuş iridologiyanın müxtəlif aspektlərindən söhbət gedəcəkdir. Xatırladaq ki, Bakıda və Moskvada “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” monoqrafiyaları nəşr edilmişdir.
Foto Mirnaib Həsənoğlunundur.