Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Görkəmli akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Bu il aprelin 28-də görkəmli oftalmoloq-alimin 95 illiyi tamam olacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş məşğələsində səsləndirilib.
Məşğələdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov görkəmli alim, elm təşkilatçısı və ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın nümunəvi həyat yolundan danışaraq qeyd edib ki, yüksək keyfiyyətlərə malik səmimi və xeyirxah insan, fədakar ömür yoldaşı və ana - Zərifə xanım Əliyevanın şərəfli həyat yolu gənc nəsil üçün əsl nümunədir.
“Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti” adlı məruzə ilə çıxış edən Tibbi kliniki fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənov bildirib ki, görkəmli akademik oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlara imza atıb. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva, həmçinin yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Sonda görkəmli oftalmoloq-alimin həyat yolunu əks etdirən film nümayiş olunub.