Aktauda elan olunan Xocalı ayı çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir
Aktau, 25 fevral (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu azərbaycanlı gənclərlə birgə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərindəki dinc əhaliyə qarşı törədilmiş soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində fevral ayında elan olunmuş Xocalı ayı çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir.
Azərbaycanın Aktaudakı konsulluğunun konsulu Elxan Zeynalov bildirmişdir ki, indiyədək Xocalı faciəsi ilə əlaqədar müxtəlif tədbirlər keçirmiş, www.xocali.kz saytı yaradılmışdır. “Xocalı soyqırımı, Xocalıya ədalət” adlı sayt rusdilli oxucular üçün nəzərdə tutulmuşdur və sayt Qarabağ, Xocalı, fotoarxiv, videoarxiv və müraciətlər bölmələrindən ibarətdir. Onun sözlərinə görə Xocalı soyqırımı ilə bağlı Baş konsulluq tərəfindən Məngistay vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsi də keçirilmişdir. Müsabiqədə tələbələr və şagirdlər iştirak etmişlər. Müsabiqənin keçirilməsindən məqsəd ölkəmizdən kənarda doğulmuş və yaşayan gənclər arasında Xocalı faciəsi barədə geniş təsəvvür yaratmaqdır.
E.Zeynalov demişdir ki, gənc soydaşımız Elşən Mehdiyev rus dilində “Biz Xocalıya ədalət tələb edirik” mahnısını bəstələmiş və tədbirlərimizdə ifa etmişdir. Bundan başqa İlkin Şıxverdiyev “Soyqırım” adlı mahnı bəstələmiş və Royal Quliyevlə birlikdə ifa etmişdir. İndi bu mahnılara klip çəkilməsi üçün konsulluq tərəfindən iş aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau