Albaniya KİV-lərində "Müasir Azərbaycan dövlətçiliyinin 100 ili" sərlövhəli məqalə dərc olunub
Afina, 27 may, AZƏRTAC
Albaniyanın ən qədim və nüfuzlu mətbu orqanlarından biri, 1927-ci ildən bəri çap olunan “Gazeta Shqiptare” və Albaniyanın və bölgənin ən çox izlənən xəbər saytı “Balkanweb” portalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Müasir Azərbaycan dövlətçiliyinin 100 ili" başlıqlı məqalə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Yunanıstan və Albaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyevin müəllifi olduğu məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, həyata keçirdiyi dövlət quruculuğu və siyasi islahatlardan, həmin dövrdə Azərbaycanda mövcud olan hüquq və azadlıqların ən inkişaf etmiş demokratik ölkələr səviyyəsində olmasından, müsəlman Şərqində ilk parlamentin fəaliyyətindən, Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında tanınmasından bəhs edilir.
Məqalədə qeyd olunur ki, ölkəmiz hərbi təcavüzə və işğala məruz qalaraq müstəqilliyini itirsə də, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti milli şüurun inkişafına və Azərbaycançılıq ideologiyasının güclənməsinə təkan verdi, nəticədə 1991-ci ildə xalqımız yenidən müstəqilliyinə qovuşdu.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina