Aleksa Bjelis: Xorvatiyalı tələbələrin Azərbaycanda təhsil almağında maraqlıyıq
Bakı, 5 oktyabr (AZƏRTAC). Xorvatiyalı tələbələrin Azərbaycanda
təhsil almağında maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İkinci Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Zaqreb Universitetinin rektoru, professor Aleksa Bjelis demişdir.
Azərbaycanda təhsil sistemi barəsində məlumatlı olduğunu deyən qonaq Xorvatiyadakı səfirimizlə bu barədə danışdığını qeyd etmişdir. Bildirmişdir ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq üçün yaxşı potensial vardır. Məhz bu məsələ ilə bağlı Azərbaycanın Təhsil Nazirliyindən nümayəndələr ilə də görüşdüyünü diqqətə çatdıran A.Bjelis ən çox müzakirə olunan məsələnin tələbə mübadiləsi olduğunu vurğulamışdır. Xorvatiyalı professor demişdir: “Azərbaycanlı tələbələri Zaqreb Universitetində görməkdən çox məmnun olarıq. Öz tələbələrimizi də Azərbaycana göndərməkdə maraqlıyıq”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor Xorvatiyanın da bu cür probleminin olduğunu və bu məsələlərin həm daxili həm də regional inkişafa mənfi təsir etdiyini qeyd etmiş, dünyadakı bütün münaqişələrin qısa bir vaxtda sülh yolu ilə həll olunmasına ümidvar olduğunu ifadə etmişdir.