REGİONLAR
“Alimlərin Zəfər düşərgə”sində 100 alim iştirak edir
Xaçmaz, 9 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində Zəfər Gününə həsr olunan “Alimlərin Zəfər düşərgə”si təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alimi iştirak edib.
“Alimlərin Zəfər düşərgə”sinin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. “Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır. Onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır”, - deyə Mirzə Cəfərzadə bildirib.
O, 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərinin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparılıb.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Noyabrın 13-dək davam edən düşərgədə alimlərlə maraqlı proqramlar, təlimlər və əyləncəli yarışlar keçiriləcək.