“Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təlimlərə iştirakçı qəbul olunur
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır. Mərkəz layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim onlayn platforma üzərindən alman dilində keçiriləcək. Təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Ruhr Universitetinin müəllimi Anna Soltyskadır.
Layihə iştirakçılarına qoyulmuş əsas tələblər:
- Alman dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;
- Alman dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür);
- Təlimlərdə davamlı iştirak etmək imkanı olmaq;
- DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.
Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər:
- Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
- Dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
- Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
- Fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini istək məktubu ilə birlikdə fevralın 11-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” yazaraq göndərə bilərlər. İştirakçılar üçün nəzərdə tutulan yerlərin sayı məhdud olduğundan müraciətlər təhlil edildikdən sonra ən uyğun namizədlər seçiləcək və fevralın 13-dək iştirakçılara məlumat veriləcək.