Almaniya və Hollandiya Belçikanın atom energetikasından imtina etməsində niyə bu qədər maraqlıdırlar?
Brüssel, 2 iyul, AZƏRTAC
Ötən dekabr Belçikanın tarixində məcazi mənada deyil, sözün həqiqi mənasında ən qaranlıq ay olub. 2018-ci ilin dekabrı ölkədə elmi müşahidə və qeydiyyat aparılmağa başladığı gündən rekord dərəcədə günəşsiz ay olub. Belçikanın Kral Meteoroloji İnstitutunun məlumatına görə, dekabr ayı sakinlər cəmi 16 saat 17 dəqiqə günəş işığı görüblər. Özü də dekabrın 18-i ilə Milad günü arasında olan dövrdə bir dəqiqə belə günəş işığı müşahidə edilməyib.
Ola bilər ki, bu səbəbdən Cənubi Avropa sakinləri bu ölkədə evlərin damlarında çoxsaylı günəş panellərinin yerləşdirilməsinə təəccüblənmirlər.
Cavab sadədir: quraşdırılma da daxil olmaqla 16-20-yə yaxın günəş panelinə təqribən 5000-6000 avro xərcləməklə orta statistik Belçika ailəsi özünü ilboyu elektriklə təmin edə bilər. Elektrik şəbəkəsi şirkətlərinin yeni, daha münasib tarifləri belə belçikalıların marağının qarşısını almaq və ev üçün günəş panellərinin quraşdırılması fikrindən daşındırmaq iqtidarında deyillər. 7-8 il ərzində xərcini geri ödəyən bu panellərə maraq həddən artıq yüksəkdir.
Bununla yanaşı, daim günəşli havanın olduğu Cənubi Avropadan fərqli olaraq, davam edən günəşsiz qış aylarında Şimali Avropada bu panellərə tam arxayın olmaq çox çətindir.
Bu panellər Belçikanın günəş altında öz yerini tutmaq üçün apardığı mübarizənin daha gözəçarpan əlamətlərindən biridir. Burada əhali təmiz enerji sisteminə keçməyin tərəfdarıdır. Ölkədə nüvə enerjisindən mərhələlərlə imtina etmək barədə qərar hələ Almaniyadan 10 il əvvəl qəbul edilib. Bu, təmiz enerji istehsalına keçid və kömürdən, atomdan və hətta qazdan imtina məqsədi daşıyırdı. Lakin Almaniyadan fərqli olaraq, Belçika qarşısına heç vaxt heç bir qısamüddətli öhdəlik qoymayıb, bununla belə, bu yaxınlarda bunu etməyə məcbur olub. İndi, 2025-ci ildə atom elektrik stansiyalarının tamamilə bağlanması üçün bu yaxınlarda müəyyən edilmiş son möhlət yaxınlaşdıqca, Belçikanın hakim koalisiyası Doel və Tixanqda atom elektrik stansiyalarından istifadənin dayandırılması müddətinin bir daha uzadılması üçün getdikcə artan təzyiqlə üzləşir.
Nüvə texnologiyasından tam imtina Almaniya və Niderlanddan kömür kimi çirkli enerjinin idxalının artmasına səbəb olacaq. Təsadüfi deyil ki, bu iki ölkə Belçikanın nüvə enerjisindən imtinasına fəal şəkildə lobbiçilik edirlər. N-VA sağmərkəzçi partiyası hesab edir ki, Belçikanın atom stansiyalarından qurtulması ölkəyə karbon qazları tullantılarının azaldılmasında qarşıya qoyulan məqsədlərə çatmaqda mane olacaq. N-VA hökumətin əsas koalisiya üzvü kimi bundan sonrakı təxirəsalmada təkidlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel